Sevgi…

Görkəmli Yaponiyalı yazıçı və mütəfəkkir Masumi Toyotome “Sevginin 3 Növü” (“Three Kinds of Love”) adlı kitabında sevgi və sevginin növləri barədə düşündüklərini yazmış və hər kəslə paylaşmışdır. Hamımız içimizdə sevgi nədir bilirik, hiss edirik, başa düşürük. Bunu sözlərə köçürdərək izah etmək isə çox çətindir. Masumi Toyotome buna cəhd etmiş və hətta sevgini növlərə ayırmışdır. Onun baxdığı istiqamətdə baxarsaq, zənnimcə nə demək istədiyini başa düşər və sözlərinə haqq qazandırarıq.

“Dünyada sevilmək istəməyən insan yoxdur” sözlərilə Toyotome kitabı başlayır.
“Amma sevgi nədir, harada tapmaq olar, bilirikmi?” deyə soruşur.. Sonra izah etməyə başlayır.
“Sevgi üç növdür!..”
Birincinin adı “Əgər” növ sevgidir!..
Əgər yaxşı olsan atan, anan səni sevər. Əgər uğurlu və mühim bir insan olsan, səni sevərəm. Əgər həyat yoldaşı olaraq mənim istədiklərimi versən, səni sevərəm. Toyotome “Ən çox təsadüf edilən sevgi növü budur” deyir. Bir şərtə bağlı olan sevgi.. Qarşılıq gözləyən sevgi… Məqsəd sevgi qarşılığında bir şey qazanmaqdır. Gənclər bir-birlərinin o ankı gerçək vəziyyətinə deyil, xəyallarındakı şişirdilmiş romantik görüntüsünə aşiq olur və nələrsə gözləməyə başlayırlar. Bu gözləntilər həyata keçmədiyində isə məyusluq başlayır. Ən saf olmalı olan ana-ata sevgisində belə “Əgər” növ sevgiyə rast gəlinir.

Yazar bir misal çəkir: “Bir gənc atasını məmnun etmək məqsədilə Tokyo Universitetinə daxil olmaq üçün çox çalışır. Məktəbdənkənar hazırlıq kurslarına da gedir. Amma uğur qazana bilmir. Atasının üzünə baxa bilmədiyi və kədərini yüngülləşdirmək üçün bir həftəlik Hakoneyə istirahətə gedir. Evə qayıtdıqda atası əsəblə “İmtahandan keçə bilmədin, hələ utanmadan istirahətə də gedirsən?” deyə bağırır. Gənc oğlan “Ata, sən də bir zamanlar özünü yaxşı hiss etməyəndə Hakoneyə istirahətə getdiyini demişdin” deyir. Atası isə bir az da hirslənərək oğluna bir sillə vurur. Oğlan da gedib intihar edir.” Qəzetlər intiharın ani əsəb böhranının nəticəsi olduğunu söylədilər. Amma onlar yanılırdı. Gənc oğlan atasının ona olan sevgisinin yüksək gözləntilərlə bağlı olduğunu başa düşmüşdü! Insanlar isə əslində “Əgər” növ sevgidən daha artıq bir sevgi axtarırlar.

İkincisi “Çünki” növ sevgidir.
Toyotome bu növ sevgini belə tərif edir: “Bu cür sevgide insan, kim olduğu, nəyəsə sahib olduğu, ya da nə isə etdiyi üçün sevilir. Başqa birinin onu sevməsi, sahib olduğu bir nəyəsə bağlıdır. “Misal istəyirsiz?.. “Səni sevirəm. Çünki çox gözəlsən.” “Səni sevirəm. Çünkü o qədər məşhur, o qədər varlısan ki.” “Səni sevirəm. Çünki məni o qədər romantik yerlərə aparırsan ki..”
Yazar, “Çünki” növ sevginin, “Əgər” növ sevgidən daha üstün tutulduğunu izah edir. “Əgər” növ sevgi bir gözləntiyə bağlı olduğundan böyük və ağır bir yük halına gələ bilir. Lakin sahib olduğumuz nəyəsə görə sevilməyimiz çox xoş bir şeydir. Bu növ, olduğumuz kimi sevilməkdir. Insanlar olduqları kimi sevilməyi üstün tuturlar. Bu növ sevgi onlara yük gətirmədiyinə görə rahatlıq verir. Lakin dərin düşündükdə bu növün “Əgər” növdən əsasən çox fərqli olmadığını görərik. Bu növ sevgi də insanlara yüklər gətirir. Insanlar elə hey daha çox insan tərəfindən sevilmək istər. Onu sevdirən xüsusiyyətlər başqa birində daha artıq təzahür edərsə, onu sevənlərin artıq digərini sevə biləcəyi qorxusuna düşərlər. Beləcə həyatlarında sonu olmayan sevgi qazanmaq uğrunda rəqabət başlayar. Ailənin ən kiçik qızı yeni doğulan körpəyə, sinfin ən gözəl qızı yeni gələn qıza, evli qadın isə ərinin gənc və gözəl katibəsinə paxıllıq etməyə başlayar. Belə halda Toyotome soruşur: “Bu növ sevgidə inam duyğusu ola bilərmi? “Çünki” növ sevgi də həqiqi və sağlam sevgi ola bilməz.” Bu cür sevginin inam duyğusu verməməsinin iki başqa səbəbi də vardır. Birincisi, “Görəsən bizi sevən insanın xəyalındakı insanıq?” qorxusu; ikincisi də, “Birdən nə vaxtsa dəyişərəm, insanlar məni sevməzlər” narahatlığı;

Yaponiyada camaşırxanada çalışan dünya gözəli bir qızın üzü partlayan qazanla çirkin hala düşmüşdü. Qızın nişanlısı nişanı pozaraq onu tərk edib, gedir. Ən pisi isə qızın eyni kənddə yaşayan ata-anası artıq çirkin olan qızlarını xəstəxanada ziyarətə edə bilməmişlər. Gözəlliyi üzərində qurulan sahib olduğu sevgi bir gündə yox oldu. Qız bir neçə ay sonra kədərdən dünyasını dəyişir. Yaponiyalı yazıçı bildirir ki, “Cəmiyyətdəki sevgilərin çoxu “Çünki” növdür və bu cür sevgi davamlılıq baxımından insanı hər zaman şübhəyə salır.” Bəs o zaman, əsl sevgi, inamlı sevgi hansıdır?

Və budur, sevgilərin ən gerçəyi! (Təbii ki, Masumiyə görə)

Yazıçı bildirir ki, “Üçüncü növ sevgi mənim “Rəğmən” adlandırdığım sevgidir”.

Bu sevgi digər iki sevgidən fərqlənir. Bu növ sevgidə “Kim isə olarsansa əgər” və ya “kim isə olduğuna görə” deyil, “Kim olduğuna rəğmən” sevilirsən. Esmeralda Qvazimodanı dünyanın ən çirkin, ən qorxunc biri olmasına “rəğmən” sevir. Əsil-nəcabətli, yaraşıqlı, zəngin gənc isə Esmeraldanı qaraçı olmasına “rəğmən” tapır.
İnsan dünyanın ən çirkin, ən yazıq, ən səfil biri ola bilər. Lakin bütün bunlara rəğmən sevilə bilər. Ümumilikdə çox dəyərsiz kimi görünə bilər, amma ən dəyərli kimi sevilə bilər. Əlbəttə ki, insanın bu sevgiylə qarşılaşması lazımdır. Yaponiyalı yazıçı bunu “ürəklərin ən çox susadığı sevgi” adlandırır. “Fərqində olsanız da, olmasanız da, bu növ sevgi sizin üçün yemək, içmək, geyim, ev, ailə, var-dövlət, müvəffəqiyyətdən daha önəmlidir.” O, haqlı olduğunu sübut etmək üçün sizə bir sualla ünvanlanır: “Qəlbinizin dərinliklərində dünyada heç kimin sizə əhəmiyyət vermədiyini və heç kimin sizi sevmədiyini düşünsəydiniz, yemək, geyim, ev, ailə, var-dövlət, müvəffəqiyyətə olan inamınızı itirməzdiniz? Öz-özünüzə “Yaşamağın nə mənası var?” deyə soruşmazdınız?” Sonra Toyotome davam edir “bu gün həyatımızı davam etdirə bilməyimizin səbəbi “Rəğmən” növ sevgini indi yaşamağımız və ya bir gün bu sevgini tapa biləcəyimizə inamdır.” Hər şeyə rəğmən sevmək və ya sevilmək həqiqətən də çox gözəl və özəldir. Bu gün cəmiyyətdə hər kəsi doyura biləcək bu sevgini tapmaq çox çətindir. Çünki hər kəsin sevgiyə ehtiyacı vardır. Lakin kimdəsə başqasına daha artıq veriləcək sevgi yoxdur. Yaxınımızda olan birinin bu sevgini bizə verməsini gözləyirik. Amma o da eyni şeyi başqasından gözləyir. Masumi Toyotome sözlərini belə tamamlayır: “Dünyadakı ən böyük qıtlıq “Rəğmən” növ sevginin yetərincə olmamasıdır.”

19.05.2012

Vüsalə Dəniz Əliyeva

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma