Ədəbiyyat Klubu “Əli və Nino”

26.11.2011 tarixində İnsan Hüquqlarının Tədrisi Mərkəzinin Ədəbiyyat Klubu fəaliyyətinə məs bu əsərlə, Qurban Səidin “Əli və Nino” əsəri ilə başladı. Ədəbiyyat Klubunu təşkilatçıları mən, Vüsalə Dəniz Əliyeva və Samirə Şirməmmədova klubu yaratmaqda məqsədlərimizi açıqladıq. Məqsədimiz odur ki, gənclərdə ədəbiyyata marağı daha da artırmaq, eyni zamanda yazarlarla görüşlər keçirtmək, bir sözlə ədəbi mühit yaratmaq…

Daha sonra niyə məhz bu əsəri, “Əli və Nino” əsərini seçməyimizin səbəbini açıqladıq. Bu əsər dünyanın 27 dilinə tərcümə olunub, nəşr edilməsinə baxmayaraq, təəssüflər olsun ki, bir sıra gənclərimizin ölkəmizə məxsus olan bu əsərdən xəbəri yoxdur. “Əli və Nino” – Qurban Səid təxəllüsü ilə yazan Azərbaycan mühacir ədəbiyyatının nümayəndələrindən biri olan Məhəmməd Əsəd bəyin yazdığı məhəbbət romanıdır. Əsər mübahisəli əsər olsa da qeyd edim ki,“Əli və Nino” ilk dəfə 1937-ci ildə Vyanada alman dilində E.P. Tal Verlaq tərəfindən Almaniyada nəşr edilmişdir. Bir çoxlarının günümüzün ən gözəl məhəbbət romanı kimi qəbul etdiyi “Əli və Nino” dünyanın 27 dilinə tərcümə edilmişdir. Əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas məkan isə “tərəqqe etmiş” Qərb və “geridə qalmış” Şərqin qovuşduğu Bakıdır.

İndi isə əsərdə olan bəzi maraqlı fikirləri sizlərə çatdırmaq istəyirəm.

– Bəzi alimlər Qafqaz dağlarının cənub ətəklərini Asiyaya aid edirlər. Digərləri isə Zaqafqaziyanın mədəni inkişafını nəzərə alıb ölkəyə Avropanın bir hissəsi kimi baxmalı olduğumuzu daha məqsədəuyğun sayırlar. Ona görə, əziz balalarım, demək olar ki, siz də ölkənin tərəqqe etmiş Avropaya və ya geridə qalmış Asiyaya aid olmasından dolayı məsuliyyət daşıyırsınız.
Arxa partada əyləşmiş Məhəmməd Heydər əlini qaldırdı:
– Professor, yaxşısı budur biz elə Asiyada qalaq.
Sinif gülməyə başladı. Məhəmməd Heydər ikinci il idi ki, üçüncü sinifdə qalırdı. Və Bakı Asiyaya aid olduğu müddətcə ehtimal var idi ki, O üçüncü il də sinifdə qalacaq. Çünki təhsil nazirliyinin sərəncamı Rusiyanın Asiya hissəsinin yerli sakinlərinə ürəkləri istədikləri qədər sinifdə qalmağa icazə verirdi.

– Qerundiyi Qerundivadan ayıra bilmədiyim üçün az qala məni ikinci il gimnaziyada saxlayacaqdılar. Atam  məsciddəki mollanın yanına getdi. Öz növbəsində o bildirdi ki, latın dili başdan ayağa cəfəngiyyatdır. Bununla əlaqədar olaraq atam özünün bütün türk, iran, rus ordenlərini taxib gimnaziya direktorunun yanına yollandı. Ona hansısa kimyəvi avadanlıq bəxş etdi və mən yuxarı sinfə keçdim.

– Tərbiyəli kişi onlar (qadınlar, başqasının arvadı və ya arvadları red.) haqda danışmır, xəbər almır və onlara salam göndərmir. Onlar kişilərin kölgəsidir. Hətta kişilər də özlərini kölgəlikdə rahat hiss etsələr də… Bu düzgün və müdrik qərardır. Bizim ölkədə belə bir deyim var :”qadın ağlı yumurta üstündəki tüklər qədərdir”. Mənasız varlıqlar nəzarət altında yaşamalıdırlar, əks təqdirdə onlar özlərinin və başqalarının başına dərd açarlar.

– Tələsmək – şeytan əməlidir.

– Qız qalası. Bakını idarə edən Məhəmməd Yusifxan evlənmək istədiyi qızının şərəfinə bu qalanın tikilməyini əmr edir. Qan qarışıqlı bu nikah baş tutmur. Sevgisindən dəli olan ata qızının otağına tələsəndə övladı qalanın başından özünü atır. Dəyib öldüyü daş Bakirəlik daşı adlanır. Hərdən toydan bir gün qabaq gəlinlər gedib həmin daşa gül qoyurlar.

– Beləki, ruslar müsəlmanları imtahanda kəsməyi heç xoşlamırlar. Çünki bizim hamımızın çoxlu dostları var. Dostlarımız isə çoxlu xəncərli və tapançalı uşaqlardır.

– Beynimin işləmədiyi yerdə köçürə bilmə məharətim dadıma çatırdı.

– Atalarımızın müdrik qaydasına görə, həyatının başlanğıcında dayanan kişinin qadınlardan uzaq durması lazımdır.

– Oğlum, tez-tez ibadət et, içmə, başqalarına məxsus qadınları öpmə, yoxsullara və zəiflərə əl tut və həmişə imanın naminə xəncərini qınından çıxarmağa hazır ol. Sən döyüş meydanında vəfat etsən, mən qoca yas saxlayacam. Yox əgər sən şərəfsiz həyat seçsən, mən, sənin atan rüsvay olacam. Öz düşmənini unutma, biz xristian deyilik. Sabahın haqda düşünmə, çünki bu səni qorxaq edər. Və sonuncu. Xahiş edirəm – heç vaxt siyasətlə məşğul olma! Nə istəyirsən elə, amma siyasətə qarışma.

– Nino, mənim heç vaxt hərəmxanam olmayacaq. Heç vaxt.
– Amma yəqin ki, arvadını çadra taxmağa məcbur edəcəksən.
– Ola bilər, yaşayarıq görərik. Çadra-faydalı şeydir. O, gündən, tozdan və yad baxışlardan qoruyur.
– Əli, sən həmişə asiyalı olaraq qalacaqsan. Yad baxışların sənə nə maneəçiliyi var ki? Qadın bəyənilmək istəyir.
– Qadın yalnız öz ərinin xoşuna gəlməyi istəməlidir. Açıq üz, çılpaq kürək, yarıörtülü sinə, füsunkar ayaqlarda şəffaf corablar-bütün bunlar, qadının yerinə yetirməsi gərəkən vədlərdir. Bunları görən kişi daha çox arzulayır. Və ona görə kişilərdə belə istəklər yaranmasın deyə, qadın çadra taxmalıdır.

– Nino, mənim heç vaxt hərəmxanam olmayacaq. Heç vaxt.
– Amma yəqin ki, arvadını çadra taxmağa məcbur edəcəksən.
– Ola bilər, yaşayarıq görərik. Çadra-faydalı şeydir. O, gündən, tozdan və yad baxışlardan qoruyur.
– Əli, sən həmişə asiyalı olaraq qalacaqsan. Yad baxışların sənə nə maneəçiliyi var ki? Qadın bəyənilmək istəyir.
– Qadın yalnız öz ərinin xoşuna gəlməyi istəməlidir. Açıq üz, çılpaq kürək, yarıörtülü sinə, füsunkar ayaqlarda şəffaf corablar-bütün bunlar, qadının yerinə yetirməsi gərəkən vədlərdir. Bunları görən kişi daha çox arzulayır. Və ona görə kişilərdə belə istəklər yaranmasın deyə, qadın çadra taxmalıdır.

– Elə dünən bir kök erməni mənə  xristianların Şuşadakı Maras kilsəsinin beş min il yaşı olduğunu deməyə çalışırdı.
– Çox göylə getmə,- onu xəbərdar etdim,-Xristianlıq bir din kimi iki min il olar ki, yaranıb. Kilsə dinin meydana çıxmasından öncə tikilə bilməzdi.

– Ramazan ayında Qədir gecəsi adlanan möcüzəvi gecə var. Bu gecə bütün təbiət bir saatlıq yuxuya gedir. Çaylar axmır, şər qüvvələr öz ocaqlarını tərk edirlər. Otların boy atmasını, ağacların böyüməsini eşitmək olar. Çaylardan pərilər görünür, bu gecə döllənən insanlar müdrik və şair doğulurlar. Bu gecə şair, bütün şairlərin müqəddəs hamisi olan İlyas Peyğəmbəri çağırmalıdır. Peyğəmbər lazımlı vaxtda gəlir, öz su qabından içməyə icazə verir və ona izah edir:” İndi sən həqiqi aşıq – Haqq Aşığı oldun və bütün dünyanı mənim gözlərimlə görməyə başlayacaqsan”.
Beləliklə, nurlu şairlər təbiət hadisələrini, idarə etməyə başlayır : heyvanlar və insanlar, küləklər və dənizlər onun səsinə qulaq asırlar. Axı Peyğəmbərin Gücü onun sözləridir.

– İnsanları məhz bu əlamətə görə ayırmaq lazımdır : meşə və çöl adamları. Şərq sərxoşluğu səhrada, insanların isti küləkdən və qumdan məst olduğu, dünyanın kifayət qədər sadə və qayğısız göründüyü yerdə baş verir. Meşə isə suallarla doludur. Yalnız səhra sual vermir, heç nə bəxş etmir və heç nə vəd etmir. Buna baxmayaraq, ruh ocağı meşədə alovlanır. Çöl insanının varlığını dolduran bir surəti və bir həqiqəti var. Meşə insanı, əksinə, çoxsurətlidir. Səhradan mövhumatçı, meşədən isə ixtiraçılar çıxır. Bəlkə elə Şərqlə Qərb arasındakı əsas fərq də budur?!

– Qəribədir: çadra altında qadın görünmür, lakin onu davranışlarına, fikirlərinə, arzularına görə tanımaq olar. Çadra onun gözlərini,  burnunu, ağzını gizlədir. Qəlbi isə qapalı olmur. Şərq qadının ürəyindəkilər aydındır. Çadraya bürünməmiş qadınlar isə tamam başqa cürdür. Onların gözləri, burunları, ağızları və bədənlərinin digər hissələri göz önündədir. Ancaq siz heç vaxt bu gözlər arxasında gizlənən, hətta olduqca aydın görünən fikirləri də oxuya bilməzsiniz.

– Gözü yumulu uzanıb gələcək, yəni Nino haqda düşünmək necə xoşdur. Çünki gələcək – Nino mənim həyat yoldaşım olan gün başlayacaq.

– Bizim ölkədə söhbətlər üç mövzuda aparılır : din, siyasət və ticarət. Müharibə isə onların hamısına aiddir. Müharibə haqda zamanından və məkanından asılı olmadan ürəyiniz istədiyiniz qədər danışa bilərsiniz. Bu mövzuya heç bir xələl gətirmədən, özüdə birqiymətli halda.

– Sən əcdadlarımızın qəhrəmanlıq şücaətləri haqda olanları köhnə tozlu kitablardan öyrənməməlisən. Onlar sənin qəlbinə və damarlarına hopmalıdır.

– Ölmək, şərəfsiz mövcudluqdan daha yaxşıdır.

– Əli xan, sən doğurdanmı müharibəyə getməkdən qorxursan? Axı kişilər savaşmağı elə xoşlayırlar ki. İnanırsan mən hətta sənin yaralarını da sevə bilərdim.
– Yox, qorxmuram. Vaxt gələcək elə sən yaralarıma məlhəm qoyacaqsan. Yox əgər ürəyin rahatlayacaqsa, hələlik məni qorxaq adlandıra bilərsən. Özüm istəyəndə qılıncımı sıyıracam. Bunu eləmək heç vaxt gec olmayacaq. Biz hələ çox döyüşəcəyik. Və mənim qılıncım bu ölkəyə hələ çox lazım olacaq.

– Gözlərini yum, qulaqlarını əllərinlə ört və yalnız qəlbini aç.

– Çomağın iki başı var : yuxarı və aşağı. Çomağı çevir və aşağı başı yuxarıya, yuxarı başı aşağıya düşəcək. Çomaq özü isə heç dəyişməyəcək.

– Siyasətçi kimi fikir yürüdən insan, hərdən özündə güc tapmalıdır ki, ləyaqətsiz və hətta ədalətsiz addımlar atsın.

– Qadınlar uşaq kimidir. Ancaq daha hiyləgər və daha kinli.

– Mən öz Ninomu yaxşı tanıyırdım. O həmişə istədiyi hər şeyi əldə edirdi. Hətta ona nəyin lazım olduğunu ağıllı-başlı bilməsə də.

– Dəniz və sahil əbədi mübarizə ilə birləşmiş Kişiylə Qadın kimidir.

– Məni nəyə görə sevirsən?
– Nino, səni nəyə görə sevirəm? Sən olduğuna görə, səsinə, ətrinə, yerişinə görə. Səni başqa necə inandıra bilərəm? Bütün SƏNi sevirəm. Məhəbbət hər yerdə : Gürcüstanda da, İranda da eynidir.

– Əli xan, sən mənim gözlərimi, burnumu, saçlarımı sevirsən. Bəs ürəyimi necə? Onu yaddan çıxarmamısan ki? Onu da sevirsənmi?
– Bəli, sənin ürəyini də sevirəm.
– Bir-birimizi sevirik. Ancaq mən meşələri, çəmənləri sevirəm. Sən isə təpələri, qayaları və qumu. Məhz buna görə səndən, sevgindən və dünyandan belə qorxuram.

– Şagirdlərin beynini hər növ zir-zibillə dolduracaqsa, belə məktəblərdən nə fayda?! Əgər xəstəxanalarda qəlblər yox, bədənlər müalicə olunacaqsa, nəyimizə lazımdır belə məntəqələr?!

– Naxararyan, mən bir şərqliyəm. Və qurşaqdan aşağı zərbələr endirmək sənətinə öyrədilməmişəm.

– Hər gün bura polislər gəlir. özüdə təkcə onlar yox. Naxararyanlar səni tapmaqdan ötrü bütün şəhəri ələk-vələk ediblər. Beşi artıq İrana üzüb keçib. Evin mühafizəsinə iyirmi nəfər ayırmışam. Yeri gəlmişkən, Məlikovlar  da sənə qan davası açıblar. Ata görə. Dostlarını da cəbhəyə göndəriblər.
Sakitcə gözlərimi aşağı zillədim. Atam əlini çiynimə qoydu və sakit səslə söylədi :
– Səninlə fəxr edirəm, Əli xan, çox fəxr edirəm. Yerində olsaydım eyni şeyi edərdim.
– Ata, məndən razı qaldın?
– Demək olar. Mənə çatmayan bir məsələ var,- məni qucaqlayıb gözlərimə baxdı,-Qadını niyə öldürmədin?
– Bilmirəm, ata. Qıymadım.

– Sən elə buna görə gəlmisən?
– Yox,- açıqca cavab verdi.
– Boynuna al, Nino.
– Boynuma alım? Nəyi?
– Niyə sən həmin gecə Seyidin yəhərində oturanda bircə kəlmə də söz söyləmədin?
– Qüruruma görə.
– Bəs onda səni bura gətirən nədir?
– O da qürurumdur.

– Hansı soyadı yazmalıyam? -Nino soruşdu.
– Yeni soyadını.
O vərəqə möhkəm imza atdı : “Nino-xanım Şirvanşir”

-Kifayət qədər silahımız varmı? – İlyas bəydən soruşdum.
-Beş tüfəng, səkkiz revolver, bir top və sursatımız var. Və bir də qadınlar və uşaqlar üçün zirzəmimiz.
Nino başını qaldırdı.
-Zirzəmidə gizlənməyi düşünmürəm. Sizinlə birgə vətənimi mən də müdafiə edəcəm.

– Məhəmməd Heydər ölüb. Nikolayevskidə meyidini gördüm. Onlar onun burnunu və qulağını kəsiblər.
Musa Nağı da vəfat edib. Onu Lalay boğub.
Sağ qaldığımı qavramaq necə ağır gəlir…

– Əli xan – deyə İlyas bəy mənə müraciət etdi – biz hərəkət etməliyik. Düşmən şəhərin qapısının üstünü alıb.
– Bəli, biz özümüzü müdafiə etməliyik.
– Yox, bizim hücuma keçməyimiz lazımdır.

– Dəstəkdən İlyas bəyin səsi gəldi:
– Ermənilər ruslarla birləşdilər. Onlar bütün müsəlmanların sabah saat üçə qədər tərksilah edilməsini tələb edirlər. Təbii ki, biz bunu rədd edirik.

– Nino soruşdu:
– İranda biz neyləyəcəyik?
– Dincələcəyik, Nino – dedim.
– İstirahət edəcəyik elə deyilmi? Mən yatmaq istəyirəm, Əli xan. Bir ay, bir il yatmaq istəyirəm.
– Elə biz də elə bir ölkəyə gedirik. İran min ildir ki yatır.

– Hər yer toz, torpaq, natəmizlik içində idi. Bu o demək deyil ki, iranlılar toz, torpaq içində yaşamağı xoşlayırlar. Onlar sadəcə hər şeyi necə varsa, elə də saxlamaq istəyirlər. Çünki hər bir iranlı, sonda hər şeyin toza çevriləcəyini zənn edir.

– Nino, sən haqlısan, – dedim – çünki atangildə də əmin-amanlıq olmayacaqdır. Son gəmi İrana saat səkkizdə gedir. Əşyalarını yığ.
Onun sifəti qıpqırmızı oldu.
– Əli xan, sən məni burdan qovursan? Ninonu indiyədək belə hirsli görməmişdim.
– Nino, Tehranda əmin-amanlıqda yaşayacaqsan. Düşmən qalib gəlsə, onlar bütün qadınların namusunu ləkələyəcəklər.
Nino başını qaldırıb qətiyyətlə dedi:
– Mənim namusuma heç kim toxuna bilməz! Arxayın ol, Əli.
– Hələ nə qədər vaxt var, İrana get, Nino.
Nino ciddi tərzdə söylədi:
– Kifayətdir, Əli xan. Mən düşməndən, müharibələrdən və bizi gözləyən bütün dəhşətli şeylərdən qorxuram. Buna baxmayaraq burda, sənin yanında qalıram. Düzdür, sənə köməyim dəyməyəcək, amma mən səninəm. Burda qalmalıyam, vəssalam.
Elə də oldu. Ninonun gözlərindən öpdüm. Fəxr edirdim ki, belə arvadım var. Hərdən mənə söz qaytarsa da, Nino yaxşı bir həyat yoldaşı idi.

– Sən cəsursan, Əli xan, Lakin, cəsarət dediyin nədir? Avropalılar da cəsurdur. Sən və səninlə birlikdə döyüşənlərin hamısı artıq asiyalı deyilsiniz. Mən Avropaya nifrət etmirəm. Sadəcə ona qarşı etinasızam. Avropanın bir tikəsini sən özündə daşıyırsan. Sən rus məktəbində oxumusan, latıncanı öyrənmisən, arvadın da avropalıdır. Sən özünə hələ də asiyalı deyirsən? Sən müharibədə qalib gəlsəydin, Avropa həyat tərzini sən özün Bakıya gətirəcəkdin. Bizim üçün nə fərqi var, ölkəmizdə zavod və fabrikləri kimlər tikəcək – biz və yaxud ruslar. İşlər o durumda davam edib gedə bilməzdi. Saysız-hesabsız düşməni məhv edib qana susamaq yaxşı asiyalı olmaq demək deyil.
– Bəs nə zaman yaxşı asiyalı sayılmaq olar?
– Sən yarı avropalısan, Əli xan. Ona görə də bu sualı verirsən. Onu sənə izah edə bilmərəm, çünki sən həyatda yalnız adi gözlə görünən şeyləri görürsən… Sən ancaq yerə baxırsan. Bax, buna görə basılmağımız səni ağrıdır və sən ağrıdığını büruzə verirsən.
– Ninonu necə başa salım ki, böyük məmnuniyyətlə şəhəri ona göstərərdim, amma onu şəhərə göstərə bilmərəm.

– Çayxanada oturmuşdum ki, camaat mənim bütün günümün hərəmxanada keçmədiyinin şahidi olsun. Çünki burda bir kişinin daim arvadının yanında olmasına yaxşı baxmırlar. Qohumlarım artıq məni lağa qoymağa başlamışdılar. Burda yalnız müəyyən vaxtını qadına sərf etməlisən. Qalan vaxt isə kişinin özünün iqtidarındadır. Halbuki Ninonun yeganə təsəllisi mənəm, onun qəzeti də,teatrı da, qəhvəxanası da, dost-tanışı da, bunlardan başqa onun əri də mənəm. Elə ona görə də onu tək qoya bilmirəm.

– Yetər! İran qoca bir dilənçinin açılmış ovcuna bənzəyir. Mən istəyirəm ki, bu qoca ovuc bir gəncin möhkəm yumruğuna çevrilsin.

– Birdən hiss etdim ki, dünyada heç bir şey mənə Ninonun gülən gözləri qədər qiymətli və əziz deyildir. Bəs onda bu gözlər axırıncı dəfə nə vaxt gülüb?

– İran güllərinin ətri qəflətən yoxa çıxdı.Ətrafımı Bakının tərtəmiz çöl havası və xəfif bir dəniz, qum və neft qoxusu bürüdü. Uşaq anasını çağıran kimi mən də vətənimi səsləyirdim. Amma sonra o vətənin daha mövcud olmadığını xatırladım. Gərək tanrının məni dünyaya gətirdiyi bu şəhəri heç zaman tərk etməyəydim. Bir it öz komasına bağlı olduğu kimi mən də köhnə şəhər qala divarlarına bağlıyam. Mən qala divarlarının kölgəsində Ninonun gözlərinin mənə gülümsədiyi Bakıya mənsubam.

– Ana Vətənin nə demək olduğunu yalnız başqa bir ölkəyə sığınmış adam dərk edə bilir. Mən İranı yenidən qura bilmərəm. Çünki xəncərim Bakının qala divarlarının daşında itilənmişdir.

– Köhnə qubernator binasının üzərində yeni Azərbaycan dövlətinin bayrağı dalğalanırdı. Parlament də məktəb binasında yerləşirdi. Köhnə şəhər elə bir yeni bir həyata qədəm qoymuşdu. Vəkil Fətəli xan baş nazir təyin olunmuşdu. O, qanunlar çıxardır, göstərişlər və əmrlər verirdi. Şəhərdən rusları təmizləmək istəyən Şəmsi Əsədullayevin oğlu Mirzə Əsədulla xarici işlər naziri təyin olunmuşdu. O, kənar ölkələrlə müqavilələr bağlayırdı. İndiyə qədər adət etmədiyim dövlət müstəqilliyi hissi məni də bürümüşdü. Mən yeni dövlət gerbini, yeni uniformaları və yeni qanunları sevməyə başladım. Həyatımda ilk dəfə idi ki, mən özümü öz vətənimin sahibi hiss edirdim. Ruslar utancaq halda yanımdan keçir, keçmiş müəllimlərim də məni hörmətlə salamlayırdılar.

– “Əgər qonaq sənin yeganə oğlunun başını kəsib onu əlində tutaraq evinə qonaq gəlsə, onu qəbul etməli, yedirtməli və qonaq kimi ona ehtiram göstərməlisən”. Ağıllı adətdir. Amma ona əməl etmək çox çətindir.

– Nino, xahiş edirəm, məni düz başa düş. Mən başımın üstündəki hamar damı, bu çölü və bu dənizi sevirəm. Mən bu şəhəri, köhnə qala divarlarını və dar yollardakı məscidləri sevirəm. Mən Şərqdən uzaqlaşanda sudan çıxmış balıq kimi oluram. Nə olursa-olsun mən vətənimdə qalacağam. Mən bu ölkədə anadan olmuşam, burada da ölmək istəyirəm.

– Nino, körpəmiz dünyaya gəldikdən sonra birlikdə Parisə, Londona, Berlinə, Romaya gedərik. Axı biz hələ toy səyahətinə çıxmamışıq. Hara lap çox xoşuna gəlsə, bütün yayı orada qalarıq. Ondan sonra da hər il Avropaya gedərik. Amma evimin vətənimdə olmasını istəyirəm, çünki mən çölümüzün, şəhərimizin və günəşimizin övladıyam.
– Bəli, dedi Nino. – Özüdə çox yaxşı övladısan, biz Avropanı unutmalıyıq. Lakin bətnimdə daşıdığım balam nə çölün, nə də qumun övladı olmalıdır. Bu uşaq sadəcə, Əli ilə Ninonun övladı olacaq. Razısan?
– Bəli, razıyam – dedim.

– Hər bir qadın doğuş vaxtı öz ərinə lənətlər yağdırır.

– Əli xan, biz bir yerdə məktəbə getmişik və böyük tənəffüslərdə rus uşaqları ilə dalaşmışıq. Sən Naxararyanın maşınının arxasınca düşdüyün zaman, mən sənin ardınca çapırdım. O gecə Ninonu atımın yəhərinə oturdub evinə mən aparmışdım. Sisianaşvili darvazasının yanında başı pozuq rus əsgərlərinə qarşı bir yerdə vuruşmuşuq. Amma indi sən buradan çıxıb getməlisən. Ninonun və özünün yaxşılığı üçün və bəlkə bir daha sənə ehtiyacı olacaq vətənin naminə buradan getməlisən.
– İlyas bəy, sən burada qalırsansa, mən də qalıram.
– Mən burada ona görə qalıram ki, dünyada heç kimim yoxdur, təkəm. Mən burada ona görə qalıram  ki, zabitəm, əsgərləri döyüşə aparmağı bacarıram və iki vuruş keçirmişəm. Bu iki vuruşda böyük təcrübə toplamışam. Odur ki, inadlıq eləmə Əli xan, İrana get.
Mən laqeydliklə başımı tərpətdim.

– Üç-dörd gün döz, – deyə İlyas bəy Ninonun sakitləşdirirdi. Yalnız üç-dörd gün. Ondan sonra Əli xan yenə də yanınıza gələcək.
Nino sakitcə “bilirəm” – dedi. Biz əvvəl Tiflisdə qalacayıq, sonra da Parisə gedəcəyik. Bizim bağçalı bir evimiz olacaq, ikinci uşağımız da oğlan olacaq.
– Bəli, Nino, bax elə belə də olacaq…

“Əli xan Şirvanşir altıya on beş dəqiqə işləmiş Gəncə körpüsündə, pulemyot arxasında tutduğu mövqeyində həlak oldu. Onun meyiti körpüdən qurumuş çayın yatağına düşmüşdü. Bədənini səkkiz güllə dəlik-deşik etmişdi. Cibindən xatirə dəftəri çıxdı. Allah imkan versə, bu dəftəri onun arvadına çatdıracağam. Biz səhər tezdən, rus qoşunları sonuncu hücuma keçməzdən bir az əvvəl onu məscidin həyətində dəfn etdik. Cümhuriyyətimizin ömrü Əli xan Şirvanşirin ömrü kimi sona çatdı”.

Bakının Binəqədi qəsəbəsindən olan Zeynal Ağanın oğlu, rotmistr İlyas bəy.

Onu qeyd eləyim ki, bu roman sevgi romanı adlandirılsa da, əsərdə məni Cümhuriyyət dövrü, onun bu cür gözəl təsviri məni heyrətləndirir. Burada əsas diqqəti çəkən Azərbaycanın cümhuriyyət dövründə yerli xalqın vətənpərvərlik hissləridir. Əsərdə Əli və Nino bir-birini sevirlər, lakin Nino gürcü qızıdır. O, şərq mədəniyyətini qəbul etmək istəmir. Lakin buna baxmayaraq, Nino Əlini bütün qəlbi ilə sevir. Bu əsərdə qarşılaşdırılan məqamlardan biri də şərq və qərb mədəniyyətidir.

Əsərdə o da göstərilir ki, ermənilər bütün tarix boyu yaltaq, ikiüzlü, yalançı millətdirlər. Bu hal özünü Naçararyan surətində daha dolğun göstərir. Belə ki, o, ilk öncə özünü Əlinin dostu olaraq göstərir, sonra isə onun nişanlısını qaçırmağa cəhd edir.

Əsərdə bir sıra ölkələrin siyasi durumları da aydın şəkildə təsvir edilir. Bu ölkələr sırasına Rusiya, İran, Türkiyə və s. daxildir.

Daha sonra tədbirdə iştirak edənlarə səs yazısını dinlətdirdik. Orada qeyd olunurdu ki, bu əsəri Y.V.Çəmənzəminlinin adına çıxaranlar səhv düşünürlər. Əgər həqiqətən də elə olsaydı Y.V.Çəmənzəminli, bütün günlüyünü qeyd edən insan nəyə görə belə bir əsər yazdığı haqda heç bir məlumat verməyib. Və eyni zamanda o da qeyd olundu ki, Almaniyada fəaliyyət göstərən azərbaycanli Nuridə Atəş də bu barədə, yəni “Əli və Nino” əsəri barədə geniş fikirlərini əks etdirən “Yüz ilin sirləri” kitabını nəşr etdirmişdir. Tədbir müzakirələrlə davam etdi.

 

Vüsalə Dəniz Əliyeva

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma