Frederik Beqbeder “Məhəbbət üç il yaşayır”

Fevral ayının 11-i İnsan Hüquqları Tədrisi Mərkəzinin Ədəbiyyat Klubunda Frederik Beqbederin “Məhəbbət üç il yaşayır” bestsellerinin müzakirəsi olmuşdur.

Əsər haqda onu deyə bilərəm ki, ilk növbədə əsərin adı diqqəti cəlb edir. Mən bu kitabı oxuyanda bir çox oxucular kimi pessimistliyə qapılmadım. Düşünürəm ki, yazıçı öz şəxsi fikirlərini, gördüklərini qələmə alıb. Amma sonda belə başa düşündüm ki, yazıçının baş qəhrəmanının, Mark Marronyenin əvvəldə bildirdiyi fikirlər sonda öz təsdiqini tapmır. Birinci, Anna ilə olan münasibəti üç il davam etsə də, Alisa ilə olan münasibətində isə o, birgə həyatlarının üçil­li­yini qor­xu içində gözləsə də, məhəbbət əvvəlki kimi ya­şa­yır. Deməli, burdan belə qənaətə gəlmək olar ki, məhəbbətin müddəti, yəni ömrü üç il deyil🙂

Əsərdə bir çox hissələr oldu ki, çox xoşuma gəldi. Onları bura yazmaq istəyirəm.

– Məhəbbət əvvəlcədən məğlub olduğun döyüşdür.

– Üçüncü ilə iki xəbəriniz var – yaxşı və pis. Yaxşı xəbər: arvadınızı hər şey boğaza yığıb və o sizi tərk edir. Pis xəbər: siz yeni kitaba başlayırsınız.

– Onun otuz yaşı tamam oldu: yarımçıq yaş. Cavan olmaq üçün çox qocasan, qoca olmaq üçün çox cavansan.

– Tez-tez aşağıdakı üç cümləni təkrar edin:
1. Xoşbəxtlik yoxdur.
2. Məhəbbət nağıldır.
3. Qorxulu heç nə yoxdur.

– Həqiqət ondadır ki, məhəbbət qızılgüllə başlayıb, tikanla qurtarır.

– Tez-tez deyirlər ki, simanızı xilas etməlisiniz. Mən isə deyirəm ki, simanızı öldürməlisiniz. Yalnız bu yolla özünüz xilas olacaqsınız.

– Sevdiyim insanla evlənəndə bioqrafiyamla maraqlanan insanları təəccübləndirdim.

– Boşanmağa sənədləri o verdi – belə olması qaydaya uyğun idi, axı evlilik təklifini mən etmişdim.

– Xoşbəxtlik bədbəxtliyin susmasıdır.

– Ölümdən qorxanlar heç nə ilə maraqlanmayan insanlardır. Mənim problemim odur ki, sən onun həllisən.

– Bütün kişilər yataqda xudbindir.

– Ən gözəl bayramlar içimizdə baş verənlərdir.

– Hansı daha pisdir – sevmədən sevişmək yoxsa sevişmədən sevmək?

– Ölü adamam. Səhər dururam və ən çox istədiyim yeganə şey yatmaqdır. Qara geyinirəm: özümə yas saxlayıram. Ola bilmədiyim insan üçün yas.

– Məhəbbətin ömrü üç ildir. Əvvəl ehtiras, sonra incəlik və nəhayət sıxıntı ili.
Birinci il deyirlər: “Getsən, özümü öldürəcəm.”
İkinci il deyirlər: “Getsən, özümü pis hiss edəcəm, ancaq yaşayacam.”
Üçüncü il deyirlər: “Getsən, bunu şampan şərabı ilə qeyd edəcəm.”

– Birinci il mebel alırlar.
İkinci il mebeli yerləşdirirlər.
Üçüncü il mebeli bölürlər.

– Boşanma asan olmur. Nə qədər əclaf olmaq lazımdır ki, bunun boş şey olduğunu düşünəsən? Anna mənə bel bağlamışdı. O, Allah qarşısında öz həyatını mənə etibar etmişdi.

– Köhnə dostlar kimi bir-birimizin yanağından öpəcəyik. Harasa birlikdə qəhvə içməyə gedəcəyik. Sanki dünya məhvərindən çıxmayıb, əvvəlkitək fırlanır. Kifayət qədər şən söhbət edəcəyik, sonra heç nə olmayıbmış kimi həmişəlik olduğunu bilə-bilə ayrılacağıq. “Hələlik” sonuncu yalan olacaq.

– Məhəbbət üstündə qurulan nigahın pis cəhəti odur ki, o dəqiqə çox yüksək hündürlük götürür.

– Uzun müddət boynuma almırdım ki, ətrafdakılara görə evlənmişəm. Evliliyi özün üçün etmirsən. Dostlarımızı hirsləndirmək ya da valideynlərimizi sevindirmək üçün evlənirik. Ya da hər ikisi birdən. Bəzən isə əksinə.

– Uzun zaman idi ki özümü aldadırdım. Gec və ya tez başqasını da aldatmalı olacaqdım.

– Geriyə dönüş olmayanda məhəbbət bitir.

– Üç ildən sonra kişi və qadın ya ayrılmalı, ya intihar etməli ya da elə etməlidirlər ki, uşaqları olsun. Öz məğlubiyyətlərinin altından imza atmaq üçün üç üsul.

– Deməli, böyümək bu imiş: qumdan qala düzəldirsən, sonra iki ayağınla üstünə çıxıb hoppanırsan, sonra yenə düzəldirsən, yenə və yenə. Okeanın onsuz da gəlib onu götürüb aparacağını bilə-bilə.

– Sizi sevəni sevmək özündənrazılıqdır. Sizi sevməyəni sevmək, bax budur sevgi.

– Məni sevməyən bir qızı sevirəm və məni sevən birini daha sevmirəm. Özümə nifrət etmək üçün qadınlardan istifadə edirəm.

– Fan Szyan soruşdu:
– Məhəbbət nədir?
Müəllim cavab verdi:
– Cəhd göstərməyi, bu cəhdin müqabilindəki mükafatdan daha çox qiymətləndirməyə məhəbbət deyilir. (Konfutsi)

– Nigah cinayətdir, çünki o sirri öldürür. Misli görünməmiş bir xilqətlə rastlaşırsınız, onla evlənirsiniz və birdən bu xilqət qeybə çəkilir – o indi sizin arvadınızdır. Sizin arvadınız! Bu onun üçün təhqirdir, tənəzzüldür! Halbuki yorulmadan bütün ömrünüz boyu heç vaxt sizin olmayacaq qadını axtarmalısınız.

– Məhəbbətin əsas problemi məncə budur: xoşbəxt olmaq üçün insan sabahkı günündən əmin, aşiq olmaq üçün isə əksinə – qətiyyətsiz olmalıdır.

– Xoşbəxtlik sakitliyə əsaslanır, məhəbbətə isə şübhə və təlaş gərəkdir. Ümumiyyətlə, nigah xoşbəxtlik üçün nəzərdə tutulub, məhəbbət üçün yox.

– Bir neçə günlük vicdan əzabı və iztirabdan sonra növbəti nəticəyə gəldim: arvadınız dosta çevrilirsə, onda dostunuza arvadınız olmağı təklif etmək vaxtıdır.

– Birinci nigahda mükəmməllik axtarırsan, ikincidə həqiqət.

– Yalnızlıq nəsə biabırçı xəstəlik olub. Niyə hamı ondan uzaq qaçır? Əşi ona görə ki, yalnızlıq insanı fikirləşməyə vadar edir. Bizim dövrümüzdə Dekart “Mən düşünürəm, deməli, varam” yazmazdı. O deyərdi: “Mən təkəm, deməli, düşünürəm”. Heç kim tək qalmaq istəmir: onda fikir üçün çox vaxt ayrılır. Çox fikirləşdikcə də, ağıllı, deməli, daha da kədərli olursan.

– Fikirləşirsən ki, çətin olduğuna görə bir-birimizi sevirik? Belədirsə, ayrılmalıyıq. Sənsiz bədbəxt olmaq, sənlə bədbəxt olmaqdan yaxşıdır.

– Əzabın elə həddi var ki, orda bütün qürur itir. Sənə yazmıram ki, gələsən. Yazıram ki, xəbərdarlıq edim: həmişə gözləyəcəm.

– Yuxuya getməmişdən qabaq, nəhayət, inqilabi hərəkət edirəm – saatımı çıxarıram. Məhəbbətin əbədi yaşaması üçün vaxtı unutmaq kifayətdir. Bu müasir dünya məhəbbəti öldürür.

– Məhəbbət məstedici qəzadır: divara girəcəyini bilə-bilə yenə də qaza basırsan; dodağında gülüş öz məhvinlə görüşə uçursan; maraqla partlayacağın dəqiqəni gözləyirsən. Məhəbbət əvvəldən proqramlaşdırılmış yeganə məyusluqdur, dəfələrlə istəyəcəyin yeganə bədbəxtlikdir.

– Alisa. Hardan bilərdim ki, bu ad həyatımda belə yer tutacaq. Bədbəxtlik haqda eşitmişdim, ancaq bilmirdim ki, onun adı Alisadır. Alisa, səni sevirəm. Bu sözlər ayrılmazdır. Sənin adın Alisa deyil, “Alisa-mən-səni-se-vi-rəm”dir.

– Bu gün pulu olanın vaxtı yoxdur, vaxtı olanın pulu. İşi atmaq, işsizin işə düzəlməyi kimi çətindir. İşsiz cəmiyyətin bir nömrəli düşmənidir.

– Zirvələr fəth edib, dibə çökməyən, göydən hazır düşən məhəbbət üç il yaşayır. Sevgililərin hər ikisi məhəbbətin qiymətini bilirsə, o çox yaşayır.

Vüsalə Dəniz Əliyeva

6 cavab »

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma